2020-ci il dünya ölkələrində çoxsaylı hadisələrlə yadda qaldı.
Azərbaycan dövləti və xalqımız üçün isə ötən ilin ən mühüm hadisəsi
müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
aparılan Vətən müharibəsi nəticəsində Qarabağın düşmən işğalından azad
olunaraq 30 illik həsrətimizə son qoyulmasıdır. Dünya hərb tarixinin ən
parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsini hamımız Ali Baş
Komandan İlham Əliyevin polad iradəsi, mükəmməl siyasi strategiyası,
Ordumuzun 5-ci nəsil müharibə aparmaq bacarığı, xalqımızın müstəsna
qəhrəmanlığı və possovet məkanında süni yaradılmış münaqişələrdən
birinin ilk dəfə olaraq dövlətin ərazi bütövlüyü çərçivəsində həll
olunması ilə xatırlayırıq. Xalqımızın sosial, siyasi, ictimai
mənsubiyyətindən asılı olmayaraq bütün zümrələrinin vahid amal uğrunda
birləşərək Ali Baş Komandanı və qəhrəman Ordumuzu var gücü ilə
dəstəkləməsi Vətən müharibəsini qalibiyyətlə başa vurmağımızın ən
başlıca səbəbinə çevrildi. Əlbəttə ki, artıq beynəlxalq aləmin tanıdığı
bütün ərazisində suverenliyini təmin edərək bütövləşmiş ölkəmizdə hər
bir dövlət qurumu, yerli özünüidarəetmə orqanı, ictimai təsisat
dövlətimizin daha da güclənməsi, postmüharibə dövründə inkişafının
sürətlənməsi, vətəndaşların rifahının yüksəldilməsi və hüquqlarının daha
yaxşı qorunması üçün əzm və inamla çalışmalıdır. Bu gün mühüm
demokratik təsisatlar olan bələdiyyələr ölkəmizin sosial-iqtisadi və
mədəni həyatında özünəməxsus yerə sahibdir. Yerli özünüidarə orqanları
sivil, demokratik dünyanın daima diqqətdə saxladığı və bu ölkələrin
ictimai-siyasi və sosial həyatında əhəmiyyətli paya malik olan
institutlardan sayılır. Ölkəmizdə ilk dəfə 12 dekabr 1999-cu ildə
keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələr ötən 21 il
ərzində bir çox yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə
toplayıb, müvafiq icra hakimiyyəti qurumları, qeyri-hökumət təşkilatları
və özəl sektor ilə işgüzar əlaqələrin qurulmasına nail olub. Hazırda
şəffaflığın və hesabatlılığın tam bərqərar olunması, demokratik
idarəçilik qaydalarının gücləndirilməsi, vətəndaşların sosial
təminatının yüksəldilməsinə dəstəyin, yerli sosial məsələlərin həllində
iştirakın, həmçinin elektron xidmətlərin sayının və keyfiyyətinin
artırılması bələdiyyələrin qarşısında dayanan başlıca vəzifələrdir.
1700
hektar sahəni əhatə edən, ərazisində məskunlaşan əhalinin faktiki sayı
250 minə çatan Xırdalan hazırda Azərbaycanın dördüncü böyük şəhəridir.
Onu da qeyd edim ki, müstəqillik illərində Azərbaycanda urbanizasiyanın
belə kəskin müşahidə edildiyi ikinci şəhər mövcud deyil. 23 dekabr
2019-cu il seçkilərində formalaşan beşinci çağırış Xırdalan
bələdiyyəsinin rəhbərliyi və üzvləri qurumun ötən illərdə gördüyü işləri
əsaslı şəkildə təhlil edərək nöqsanların aradan qaldırılması,
boşluqların doldurulması, müvafiq qanunvericiliyin imkanları
çərçivəsində bütün istiqamətlərdə fəaliyyətin gücləndirilməsi və
effektivliyin artırılması ilə bağlı qarşıya yeni hədəflər qoyub. 2020-ci
ilin qlobal miqyasda COVID-19 pandemiyası ilə mübarizəyə həsr
olunmasına, ənənəvi fəaliyyət formalarının yeni şəraitə uyğun
dəyişməsinə və karantin rejimindən irəli gələn məhdudiyyətlərə
baxmayaraq Abşeron rayonunun Xırdalan bələdiyyəsi ötən bir il ərzində
bir sıra sahələrdə nəzərəçarpan irəliləyişlər əldə edib.
2017-ci
ildə Xırdalan bələdiyyəsinin büdcəsinə torpaq satışından (vətəndaşların
istifadəsində olan torpaq sahələrinin həmin şəxslərə satılmasından) 53
mindən, 2018-ci ildə 44 mindən, 2019-cu ildə isə 32 min manatdan artıq
vəsait daxil olub. 2020-ci ildə isə vətəndaşların istifadəsində olan
bələdiyyə mülkiyyəti sayılan torpaq sahəsinin satışı həyata
keçirilmədiyindən bu sahədən büdcəyə vəsait daxil olmayıb. 2020-ci ildə
dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitdən Xırdalan
bələdiyyəsinə çatan vəsaitin miqdarı (20 000 manat) da 2017-ci
ildəkindən 25 min, 2018-ci ildəkindən isə 10 000 manat az olub.
Pandemiya ilə əlaqədar məlum səbəbdən hotellərdən alınan verginin
miqdarında da azalma baş verib. Bütün bu problemlərə baxmayaraq Xırdalan
bələdiyyəsində kadr dəyişikliyi aparılaraq işlərin daha düzgün
qurulması, vergi ödəyiciləri ilə işin səmərəliliyinin artırılmasının
nəticəsində torpaq vergisi, əmlak vergisi, icarə haqqının yığılmasında
önəmli ölçüdə müsbət dəyişikliyə nail olunub. Eyni zamanda 2020-ci ildə
Xırdalan bələdiyyəsinə qəbiristanlıq fəaliyyətindən daxil olan verginin
miqdarında da ötən illərlə müqayisədə 10 dəfəyə yaxın artım olub.
Bələdiyyənin fəaliyyətinin yenidən qurulması üçün görülən kompleks
işlər, o cümlədən də ərazidə inventarzasiyanın aparılması, ən prioritet
sahə olan vergilərin toplanması sahəsində əldə edilən irəliləyişlər
nəticəsində 2020-ci ildə Xırdalan bələdiyyəsinin gəlirləri artaraq 337
476 manata çatıb.
Xırdalan
bələdiyyəsi 2020-ci ildə sosial cəhətdən dəstəyə ehtiyacı olan ailələrə
yardımlar edilməsi, şəhər ərazisində dezinfeksiya işlərinin aparılması,
pandemiya ilə əlaqədar karantin rejimindən irəli gələn sosial
çətinliklərlə qarşılaşan vətəndaşlara köməklik olunması, Novruz və
Qurban bayramı ilə bağlı sakinlərə yardımlar edilməsi, Vətən müharibəsi
və pandemiya illə bağlı maarifləndirici lövhə və posterlərin
hazırlanmasında fəal iştirak edib. Eyni zamanda 2020-ci ildə Xırdalan
bələdiyyəsinin demək olar ki, gündəlik fəaliyyət üçün yararsız olan,
minimal imkanların mövcud olmadığı ofisində əsaslı təmirin aparılmasına
başlanılıb. Hazırda təmir prosesi yekunlaşmaq üzrədir.
Xırdalan
bələdiyyəsi Vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı uğrunda
canını fəda edən 13 qəhrəman şəhidimizin Xırdalan qəbiristanlığında dəfn
prosesinin də yüksək səviyyədə həyata keçirilməsinin təmin olunmasında
da aparıcı rol oynayıb. Xırdalan bələdiyyəsi 2020-ci ilin noyabr ayından
başlayaraq ərazisindəki qəbiristanlıqda şəhidlərin dəfn edildiyi
sahənin yenidən qurulmasını və ətraf ərazinin abadlaşdırılmasını həyata
keçirir. Şəhidlər Xiyabanının tezliklə açılışının olacağı gözlənilir.
Bələdiyyə həmçinin, 2020-ci ildə qəbiristanlığın ərazisində bir sıra
abadlıq işləri aparıb və yolların bir qisminə asfalt örtüyün çəkilməsini
təmin edib.
2020-ci
ildə Xırdalan bələdiyyəsi, eyni zamanda 2019-cu ildən qalan borcların
da ödənilməsi istiqamətində mühüm addımlar atıb. Bələdiyyənin keçmiş
borcları üçün 62 565 manat vəsait ödənilib.
Xırdalan
bələdiyyəsinin ünvanına 2020-ci ildə 652 məktub daxil olub. Bu
məktublar vergi borcu, torpaq sahəsinin ayrılması, maddi yardım,
kommunal, qəbiristanlıq və s. məsələlərlə bağlı olub. Müraciətlərin
hamısı “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının
Qanunu”na müvafiq olaraq aidiyyəti üzrə araşdırılaraq cavablandırılıb.
Əlbəttə
ki, cəmi bir il ərzində qarşıya qoyulan bütün hədəflərə çatmaq,
fəaliyyəti tamlıqla müasir tələblər səviyyəsində qurmaq mümkün deyil.
Buna görə də qanunvericiliyə uyğun olaraq bələdiyyəyə çatmalı olan
reklam gəlirlərinin ödənilməsi üçün Dövlət Reklam Agentliyi ilə
əməkdaşlıq münasibətlərinin qurulması, İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi daxilində yaşayan
vətəndaşların əmlakı ilə bağlı elektron bazaya bələdiyyələrə girişin
verilməsi, vergi ödənişlərinin tamlıqla toplana bilinməsi üçün
vətəndaşlar arasında istifadələrində olan əmlaklarını özəlləşdirərək
mülkiyyət aktı almalarının təşviq olunması, bələdiyyənin istehsal və
xidmət müəssislərinin yaradılması, məhəllə komitələrinin yenidən
formalaşdırılaraq yerli porblemlərin həllində sakinlərlə yaxından
əməkdaşlıq olunması çox vacibdir.
Xırdalan
bələdiyyəsi qarşıdakı dövrdə ictimaiyyətlə əlaqələrin inkişaf
etdirilərək daha effektiv qurulması üçün internet kommunikasiya
vasitələrinin formalaşdırılması, vergi ödəyicilərinin
inventarizasiyasının əsasən başa çatdırılması, bələdiyyənin vergi
subyektlərinin hamısının qanunvericiliyə uyğun olaraq vergi öhdəliyinə
əməl etməsinin təmin olunması, beynəlxalq əlaqələrin, xüsusi ilə Avropa
qitəsi və Türkdilli dövlətlərin bələdiyyələri ilə səmərəli əməkdaşlıq
münasibətlərinin qurulması, torpaq satışından deyil, müvafiq xidmət
sahələri yaradaraq büdcə vəsaitinin və bunun da nəticəsi olaraq
Xırdalanda yerli məsələlərin həllində iştirakın kəmiyyət və keyfiyyət
göstəricilərinin artırılması, vətəndaşların rifah halının yüksəldilməsi,
məhəllə parklarının salınması, bir sözlə, sakinlərin tələblərinin daha
yüksək səviyyədə qarşılanmasını başlıca hədəfi sayır. Ona görə də Cənab
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman
Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində dövlət sərhədlərimizi
bərpa edərək bütövləşdirdiyi ölkəmizdə aparılan çoxşaxəli quruculuq və
inkişaf prosesinin önəmli subyekti olmaq, Abşeronun daha da abad və
gözəl rayonlardan birinə çevrilməsi, Xırdalan bələdiyyəsinin ölkəmizin
ən qabaqcıl, nümunəvi bələdiyyəsinə səviyyəsinə çatması üçün
fəaliyyətimizi əzmlə və böyük enerji ilə davam etdirəcəyik.
Orxan Musayev
Xırdalan bələdiyyəsinin sədri