Xırdalanın kənd yaşayış məntəqəsi kimi XIV əsrin əvvəllərində yarandığı ehtimal olunur. Xırdalanın ilk sakinləri şəhərin indiki ərazisindən 6 kilometr qərbdə, təxminən XIV əsrdəKültəpəadlanan ərazidə yaşayıblar. Lakin Keçəldağ palçıq vulkanının tez-tez püskürməsi nəticəsində əhali buranı tərk edib. XVII əsrin sonlarından başlayaraq əhali Ziyiltəpənin ətəyində məskunlaşaraq Xırdalanı bərpa edib.

Xırdalan toponimi müxtəlif mənalarda yozulur. Bunlardan biri “xır dalı”, yəni əkin yerindən dalakimi mənalandırılır. Bəzi mülahizələrdə isə bu yerin adıxur”, yəniqeyri-adi odmənasını verir. Digər bir versiya isə “xırd və alanmənasıdır. Xırdalanın karvan yolunun üzərində yerləşməsi, Bakıya gələn tacirlərin buradakı karvansaralarda gecələmələribazarda alış-veriş etmələri nəticəsində bu adın meydana gəldiyi deyilir.

Xırdalan 1930–1940-cı illərdə Binəqədi rayonuna tabe olub. 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilib. 4 yanvar 1963-cü Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış Abşeron rayonunun mərkəzi Xırdalan qəsəbəsi seçilib.

Xırdalan 1936-cı ildən şəhər tipli qəsəbədir. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilib. 

Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilib.

 

Xırdalan şəhəri Abşeron yarımadasının qərb hissəsində, Ceyranbatan su anbarının cənubunda, Bakı və Sumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr yüksəklikdə yerləşir. Paytaxt Bakı şəhərinə olan məsafə 5 kilometrdir. Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır. Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir. Havanın nəmliyi 76%, illik yağıntı 163 mm. Küləklərin əsas istiqamətləri: şimal, şimal-qərb, cənub və cənub-qərbdir. Küləyin orta sürəti 6,8 m/san.

 

2011-ci ildə hazırlanan və 2030-cu ilə qədərki müddətə hesablanan Xırdalan şəhərinin baş planı 8 aprel 2013-cü ildə təsdiq edilib.

1999-cu ilin rəsmi statistikasına əsasən Xırdalan qəsəbəsinin əhalisi 28.576 nəfər olub. Ötən əsrin 90-cı illərinin sonundan başlayan, 2000-ci illərin əvvəllərindən sürətlənən və hazırda da davam edən urbanizasiya nəticəsində Xırdalan ölkəmizin əhalisinin sayı ən sürətlə artan şəhərinə çevrilib. Hazırda Xırdalan şəhərində məskunlaşan əhalinin faktiki sayı 250 min nəfərdir.

 

Şəhərin sahəsi 1702,00 hektardır. Xırdalanda 20-dən çox sənaye müəssisəsi var.

Hazırda Xırdalanda 10 orta ümumtəhsil məktəbi, 12 uşaq baxçası, Mərkəzləşmiş kitabxana sistemi, Diyarşünaslıq muzeyi fəaliyyət göstərir.  Abşeron rayon mərkəzi xəstəxanası Xırdalan şəhərinin ərazisində yerləşir. Xırdalanla Bakı şəhəri arasında 135 və 119 saylı, Sumqayıt şəhəri arasında isə 523 nömrəli avtobus xətti fəaliyyət göstərir.

Xırdalan dəmiryol stansiyası ilk dəfə 1952-ci ildə istifadəyə verilib. 12 sentyabr 2015-ci ildən Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xətti ilə sürət qatarları vasitəsi ilə sərnişin daşınmasına başlanılıb.

Xırdalan hazırda əhalinin sıx şəkildə məskunlaşdığı müasir və inkişaf edən şəhərdir.