Avropa İttifaqının “EU4Culture” proqramı əsasında qurumun Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması mövzusunda qrant müsabiqəsinin qalibləri olan şəhərlərin təqdimat mərasimi keçirilib.

Şərq Tərəfdaşlığına aid 5 ölkənin 70 şəhərinin qatıldığı müsabiqənin ölkəmiz üzrə 3 qalib şəhərindən biri də Xırdalandır.

Xırdalan şəhərinin tarixində, həmçinin, Azərbaycanın 1606 yerli özünüidarə qurumu arasında ilk dəfə olaraq Xırdalan bələdiyyəsi Avropa İttifaqının “EU4Culture” müsabiqəsinin qalibi olub.

Müsabiqə qaliblərinin toplantısında Xırdalan bələdiyyəsinin sədri Orxan Musayevə Xırdalan şəhərinin beynəlxalq müsabiqənin qalibi olması ilə bağlı plaket təqdim olunub.

“EU4Culture” layihəsinin əsas məqsədi mədəni irs nümunələri sayılan kitabxana, muzey, və digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiq edilməsi, şəhərlərin mədəniyyət potensialının realizə olunmasına yardım etmək, həmçinin, regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməkdir.

Xırdalan bələdiyyəsindən verilən məlumata görə layihəyə əsasən onlar Abşeron rayon İcra Hakimiyyətinin də yaxından köməkliyi ilə qarşıdakı 6 ay ərzində Xırdalan şəhərinin Mədəni İnkişaf Strategiyasını hazırlayacaqlar.

Məlumat üçün bildirək ki, sözügedən müsabiqənin digər qalibləri olan Şəki və Lənkərandan fərqli olaraq Xırdalan ölkənin ən gənc (29 noyabr 2006-cı il) şəhərlərindəndir. Eyni zamanda Şəki və Lənkəranda bu layihənin müəllifi bələdiyyə yox, mərkəzi icra qurumunun yerli təşkilatlarıdır. Rəqabətə davamlı, ciddi seçim meyarlarına cavab verəcək səviyyədə layihənin hazırlanması üçün müvafiq işin effektiv təşkili və müsabiqənin iki mərhələsinin müvəfəqiyyətlə başa vurulması yalnız Xırdalan bələdiyyəsinin deyil, bütövlükdə Azərbaycan yerli özünüidarə qurumlarının tarixində böyük uğur və proqressdir.

Xırdalan bələdiyyəsi beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması, bələdiyyənin yerli və beynəlxalq nüfuzunun yüksəldilməsi sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirəcək.