Abşeron rayon Mədəniyyət Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti, Xırdalan şəhər bələdiyyəsi və İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi, həmçinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşlığı ilə “EU 4Culture” layihəsi çərçivəsində “Dayanıqlı moda - tekstilin gələcəyi” adlı sərgi açılıb.
Qeyd edək ki, Avropa İttifaqının “EU 4Culture” proqramı çərçivəsində qurumun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə 2021-ci ildə Mədəni İnkişaf Strategiyalarının hazırlanması mövzusunda qrant müsabiqəsi keçirilib. Şərq tərəfdaşlığına aid olan 5 ölkənin 70 şəhərinin qatıldığı müsabiqədə ölkəmiz üzrə 3 qalib şəhərdən biri də Xırdalan şəhəridir.
“EU 4Culture” layihəsinin əsas məqsədi mədəni irs nümunələri sayılan kitabxana, muzey və digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiqi, şəhərlərin mədəniyyət potensialının realizə olunmasına yardım göstərilməsi, həmçinin regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verilməsidir.
Açılış mərasimində çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova həm şəhərin tarixində, həm də Azərbaycanın yerli özünüidarəetmə orqanları arasında ilk dəfə olaraq Xırdalan bələdiyyəsinin Avropa İttifaqının “EU 4Culture” müsabiqəsinin qalibi seçilməsinin onun gələcək fəaliyyətində yeni nailiyyətlər üçün stimul verəcəyinə əminliyini bildirib. O, sərginin geniş auditoriyaya təqdim olunmasın və təbliğinin xüsusi tədbirlər planı əsasında keçiriləcəyini vurğulayıb.
İsveçin Azərbaycandakı səfiri Kristian Kamill tədbirin təşkilində iştirak edən aidiyyəti qurumlara təşəkkürünü bildirərək, sərginin mahiyyəti və əhəmiyyəti haqqında danışıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev və digər natiqlər sərginin iştirakçılarda maraq doğuracağına əminliklərini bildiriblər.
Sonra “Dayanıqlı moda - tekstilin gələcəyi” sərgisi izləyicilərin ixtiyarına verilib. Sərginin kuratoru Könül Rəhimova iştirakçılara hər eksponat haqqında ətraflı məlumat verib.