BMT İnkişaf Proqramının Avropa İttifaqı ilə birgə icra etdiyi “İqtisadi İnkişafı dəstəkləyən bələdiyyə sədrləri” müsabiqəsinin qalibləri elan olunub. Qaliblərdən biri də əhalisinin sayına görə ölkəmizin dördüncü böyük şəhəri olan Xırdalanın yerli özünüidarəetmə qurumudur.

Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bildirib ki, “Şərq tərəfdaşlığı” ölkələrini əhatə edən bu müsabiqənin donoru Avropa İttifaqıdır. BMT İnkişaf Proqramı və Azərbaycan hökuməti isə layihənin ölkəmiz üzrə əsas tərəfdaşlarıdır. Altı bələdiyyə bu müsabiqənin qalibi olub. “Şəhər transformasiyası” kateqoriyası üzrə 4 bələdiyyə, “Portfolio səyahəti” üzrə isə 2 qurum (Xırdalan bələdiyyəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu) qalib elan edilib.

“Bizim üçün sevindiricidir ki, Xırdalan bələdiyyəsinin həyata keçirəcəyi layihə uzunmüddətli olacaq və iki il davam edəcək. Layihənin icrası üçün ayrılan vəsaitin səmərəli və şəffaf şəkildə sərf olunması həm Xırdalan bələdiyyəsi olaraq bizim, həm də BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı üçün xüsusi önəm kəsb edir. Biz bu layihə çərçivəsində Prezidentin azad sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitdən bəhrələnərək Xırdalanda biznes üçün daha uyğun mühitin formalaşdırılmasına, eyni zamanda, çoxtərəfli və səmərəli əməkdaşlıq platformasının yaradılmasına çalışacağıq”, - deyə bələdiyyə sədri vurğulayıb.

Xırdalan şəhərinin potensialının, inkişaf dinamikasının onun Azərbaycanda biznes sahəsi üzrə ən əlverişli məkana çevrilməsinə, nümunə olmasına imkan verdiyini vurğulayan O.Musayev qeyd edib: “Bu cəhətdən biz “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinə yerli biznesə davamlı dəstək, özəl və dövlət sektorları əməkdaşlığının nümunəvi modelinin yaradılması, vətəndaşların məşğulluğunun artırılması və beləliklə onların sosial rifahının yüksəldilməsi ilə bağlı dövlət siyasətimizə dəstək imkanı kimi baxırıq. Bununla bağlı bütün aidiyyəti qurumlarla, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə də tərəfdaş qismində səmərəli və birgə şəkildə işləməkdə maraqlıyıq”.

Bələdiyyə sədri bildirib ki, layihənin əsas məqsədi Xirdalanın biznes mühitinin inkişafına, şəhərdə fəaliyyət göstərən iş adamlarına bir sıra sahələrdə dəstək göstərilməsinə, tələbə və gənclərin biznes ideya və təkliflərinin həyata keçirilməsinə və onların potensialının realizə olunmasına töhfə verməkdir. Həmçinin yeniyetmələrin biznes və maliyyə sahəsi üzrə zəruri baza biliklərini mənimsəməsinə kömək etmək, onların maariflənməsini təşkil etmək də layihənin hədəflərindəndir. Layihə çərçivəsində qadın sahibkarlara yardımlar edilməsi də xüsusi diqqətdə saxlanacaq. Layihənin icrası çərçivəsində Xırdalan şəhərində maraqlı qruplar üçün çoxsaylı təlim proqramları keçiriləcək, müxtəlif istiqamətlər üzrə biznes məsləhətlər veriləcək, şəbəkələşdirmə layihələri və onlayn ticarət imkanları araşdırılacaq, biznes ideyalarının qiymətləndirilməsi aparılacaq və nümunəvi biznes modellərin yaradılmasına dəstək veriləcək. İş adamlarının nümunəvi fəaliyyətinin stimullaşdırılması üçün innovativ modullardan istifadə olunacaq. Əlbəttə ki, bir layihə çərçivəsində bu sahədəki boşluqların tam aradan qaldırılmasına nail olmaq qeyri-mümkündür. Amma Xırdalana xarici investisiyaların cəlb olunmasına və kreativ ideyaların yerli şəraitdə effektiv şəkildə həyata keçirilməsinə dəstək baxımından şəhərin sahibkarlıq mühitinin inkişafına töhfə verəcək.

Orxan Musayev vurğulayıb ki, Xırdalan bələdiyyəsi 2021-2022-ci illərdə Avropa İttifaqının və Höte İnstitutunun birgə dəstəyi ilə “EU4Culture” – “Şərq Tərəfdaşlığı” ölkələrində Mədəni İnkişaf Strategiyalarının hazırlanmasında qeyri-paytaxt şəhər və rayonlara dəstək layihəsini uğurla həyata keçirib. “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsi isə Xırdalan bələdiyyəsinin ardıcıl olaraq həyata keçirəcəyi ikinci böyük beynəlxalq proqram olacaq: “Ölkəmizin 23 illik yerli özünüidarəetmə institutu tarixində ilk dəfədir ki, bir bələdiyyə eyni seçki müddətində iki mühüm beynəlxalq qrant müsabiqəsinin qalibi olub. Bu isə yalnız Xırdalan bələdiyyəsinin deyil, bütövlükdə Azərbaycan yerli özünüidarə orqanlarının böyük uğurudur”.