Təəssüflər olsun ki, tarixin müxtəlif mərhələlərində təbii fəlakətlərlə əlaqədar əhali yaşayış yerini dəyişdirdiyindən Xırdalanda tarixi abidələrin sayı çox deyil.
          Hazırda Xırdalanda mövcud olan və yerli əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət Nazirliyində qeydiyyata alınmış iki tarixi abidə var: Xırdalan Cümə məscidi və Məşədi İmambaxış hamamı.

Abşeron memarlıq məktəbinin tipik xüsusiyyətlərini özündə əks etdirən Xırdalan Cümə məscidi 1884-cü ildə Axund Hacı Molla Qafur Molla Ələsgər oğlunun təşəbbüsü və kəndin imkanlı adamlarının vəsaiti hesabına tikilib. Tikintidə istifadə olunan daşlar at-araba ilə Alatava və Güzdəkdən daşınıb. Şirvan-Abşeron məscidlərinə xas asimmetrik tək minarəsi olan Xırdalan məscidinin əsas binası daxili ölçüləri 12-16 metr olan böyük ibadət zalı və 2 yan otaqdan ibarətdir. İkimərtəbəli məscidin böyük ibadət zalının ortasında ornamentlə və yazılarla bəzədilmiş günbəz vardır. Məscidin tavanı isə interyerə xüsusi yaraşıq verən 6 ədəd sütun üzərində dayanır. Sütunların tikilməsində inşaat materialı kimi bütün kənd əhalisindən yığılmış yumurtaların sarısından istifadə edilib. Məscidin minbərini 1899-cu ildə Hacı Hümbətəli adlı kənd sakini məscidə hədiyyə edib.

Məscidin kişilər üçün ibadət otağı 180, qadınlar üçün ikinci mərtəbədə yerləşən ibadət otağı isə 48 kv. metrdir. Gümbəzin 4 vitraj pəncərəsi var. Minarənin hündürlüyü 32 metrdir. Daxildən tavanın gümbəz hissəsində dairəvi şəkildə dörd dəfə “Kəlmeyi-şəhadət” yazılıb.  Məscid düzbucaqlı formadadır.

Xırdalan məscidi sovet hakimiyyəti illərində digər islam abidələri kimi yad münasibətlə qarşılaşıb. Belə ki, abidənin həyətindəki köhnə minarə 1937-ci il repressiyasının qurbanı olub. Onun daşları sökülərək Xırdalan kənd məktəbinin tikintisində istifadə edilib. Məscidin özü isə kolxozun taxıl anbarına çevrilib.

Ötən əsrin 90-cı illərində Xırdalan Cümə məscidi yenidən vətəndaşların dini məqsədlər üçün istifadəsinə qaytarılıb. Hazırkı tək minarə isə 1999-cu ildə inşa olunub.

Məşədi İmmabaxış hamamını 1887-ci ildə kənd sakini Məşədi İmambaxış inşa edib. Abşeron memarlıq üslubunda tikilmiş hamamın sahibi M.İmambaxış 1937-ci ildə sürgün olunub. Hamam isə Xırdalan kolxozunun  balansına verilib.

Hamamın günbəzinə 3 tərəfə işıq düşən pəncərələr qoyulub. Qış vaxtı hamamın isti olmasını təmin etməkdən ötrü xəzri istiqamətə pəncərə qoyulmayıb. Döşəmədən qızdırılan hamam yarı hissəsi torpağın təkindədir.

Əvvəllər hamam yaxınlığında kükürdlü su axıb. Bu su bir sıra xəstəliklərin müalicəsi üçün istifadə olunurmuş. Həmçinin, kənd sakinləri qızılın saflığını da bu kükürdlü su vasitəsi ilə yoxlayırlarmış.