Nəbi Xəzri

Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) 10 dekabr 1924-cü ildə Bakı qəzasının Xırdalan kəndində anadan olub.

1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb.

"Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub.

1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinə sədrlik edib. 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub.

Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

60-dan çox kitabın müəllifidir.

15 yanvar 2007-ci ildə vəfat edib. I Fəxri Xiyabanda dəfn edilib.