Mirəsədulla Mirqasımov

Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936), ilk azərbaycanlı alim-cərrah Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 17 noyabr 1883-cü ildə anadan olub.

1908-ci ildə gimnaziyanı bitirib.  Gimnaziyanın yuxarı siniflərində oxuyarkən ictimai fəaliyyətə başlayıb, qəzet və jurnallara məqalələr yazıb.

1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ.İ. Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirib. 1916-cı ilədək Odessada həkim, 1916–1929 illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləyib.

1945–1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk Prezidenti olub.

Cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin müəllifidir.

6 monoqrafiya və dərsliyi, ümumilikdə 50 elmi əsəri nəşr olunub.

20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat edib. I Fəxri Xiyabanda dəfn olunub.