Xırdalanın kənd yaşayış
məntəqəsi kimi XIV əsrin əvvəllərində yarandığı ehtimal olunur. Xırdalanın ilk sakinləri şəhərin
indiki ərazisindən 6 kilometr
qərbdə, təxminən XIV əsrdə “Kültəpə” adlanan ərazidə yaşayıblar. Lakin Keçəldağ palçıq vulkanının tez-tez püskürməsi nəticəsində əhali buranı tərk edib. XVII əsrin sonlarından başlayaraq əhali Ziyiltəpənin ətəyində məskunlaşaraq
Xırdalanı bərpa edib.
Xırdalan toponimi müxtəlif mənalarda
yozulur. Bunlardan biri “xır dalı”, yəni “əkin yerindən dala”
kimi mənalandırılır. Bəzi mülahizələrdə isə bu yerin
adı “xur”, yəni “qeyri-adi od” mənasını verir.
Digər bir versiya isə “xırd
və alan” mənasıdır. Xırdalanın karvan yolunun üzərində yerləşməsi, Bakıya gələn tacirlərin buradakı karvansaralarda gecələmələri və bazarda alış-veriş etmələri nəticəsində bu adın meydana gəldiyi deyilir.
Xırdalan 1930–1940-cı
illərdə Binəqədi rayonuna tabe olub. 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun
tabeliyinə verilib. 4 yanvar 1963-cü Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin fərmanı ilə yaradılmış Abşeron rayonunun mərkəzi Xırdalan qəsəbəsi
seçilib.
Xırdalan 1936-cı ildən
şəhər tipli qəsəbədir. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr
2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun
inzibati ərazisindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən
254 ha) Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilib.
Azərbaycan Respublikası
Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı
şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki
Xırdalan qəsəbəsinə şəhər statusu verilib.
Xırdalan şəhəri Abşeron
yarımadasının qərb hissəsində, Ceyranbatan
su anbarının cənubunda, Bakı və Sumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr
yüksəklikdə yerləşir. Paytaxt Bakı şəhərinə olan məsafə 5 kilometrdir.
Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır. Regionda mülayim isti
yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq
maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir. Havanın nəmliyi
76%, illik yağıntı 163 mm. Küləklərin əsas istiqamətləri: şimal,
şimal-qərb, cənub və cənub-qərbdir. Küləyin orta sürəti 6,8 m/san.
2011-ci ildə hazırlanan və 2030-cu ilə qədərki müddətə
hesablanan Xırdalan şəhərinin baş planı 8 aprel 2013-cü ildə təsdiq edilib.
1999-cu ilin rəsmi statistikasına əsasən Xırdalan
qəsəbəsinin əhalisi 28.576 nəfər olub. Ötən əsrin 90-cı illərinin sonundan
başlayan, 2000-ci illərin əvvəllərindən sürətlənən və hazırda da davam edən
urbanizasiya nəticəsində Xırdalan ölkəmizin əhalisinin sayı ən sürətlə artan
şəhərinə çevrilib. Hazırda Xırdalan şəhərində məskunlaşan əhalinin faktiki sayı
250 min nəfərdir.
Şəhərin sahəsi 1702,00 hektardır. Xırdalanda 20-dən
çox sənaye müəssisəsi var.
Hazırda Xırdalanda 10 orta ümumtəhsil məktəbi, 12 uşaq
baxçası, Mərkəzləşmiş kitabxana sistemi, Diyarşünaslıq muzeyi fəaliyyət
göstərir. Abşeron rayon mərkəzi
xəstəxanası Xırdalan şəhərinin ərazisində yerləşir. Xırdalanla Bakı şəhəri arasında 135 və 119 saylı, Sumqayıt şəhəri arasında isə 523 nömrəli avtobus xətti fəaliyyət göstərir.
Xırdalan dəmiryol stansiyası ilk dəfə 1952-ci ildə istifadəyə verilib. 12 sentyabr 2015-ci ildən Bakı-Xırdalan-Sumqayıt
dəmir yolu xətti ilə sürət qatarları vasitəsi ilə sərnişin daşınmasına
başlanılıb.
Xırdalan hazırda əhalinin sıx şəkildə
məskunlaşdığı müasir və inkişaf edən şəhərdir.