Xırdalan bələdiyyəsi Bakı Mühəndislik Universtetində "Place-making: Beynəlxalq təcrübə və işlək alətlər" adlı seminar təşkil edib

Xırdalan bələdiyyəsinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universtetində müxtəlif dövlət qurumlarının, sahə mütəxəssislərinin və özəl sektorun nümayəndələrinin iştirakı ilə "Place-making: "Beynəlxalq təcrübə və işlək alətlər" adlı seminar keçirilib.

Toplantıda çıxış edən Mədəni İnkişaf Strategiyalarının hazırlanması layihəsinin eksperti, əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Eldar Salahov, BMU-nin Memarlıq və Tikinti kafedrasının müdiri Sabir Orucov, Abşeron KOB Dostu Etibar Əliyev çıxış edərək şəhərsalmanın müasir prinsip və qaydaları, şəhərlərin baş planları, yeni çağırışlar və "Place-making" beynəlxalq anlayışının real məzmunu haqqında geniş çıxış ediblər.

Bütün çıxışçılar Azərbaycan üçün yeni anlayış olan "Place-making" mövzusunda tədbir təşkil etdiyinə görə Xırdalan bələdiyyəsinə təşəkkürlərini bildiriblər, həmçinin, hazırda şəhərlərin qarşısında dayanan başlıca vəzifələr barədə fikirlərini bölüşüblər.

Sonra inşaat mühitinin və binaların iqlim dəyişikliyində oynaya biləcəyi rol və sosial bərabərliyin təmin edilməsi mexanizmləri ilə bağlı tədqiqat aparan, Placemaking Europe ( https://placemaking-europe.eu ) şəbəkəsinin liderlərindən biri və Niderlandın memarlıq və şəhərsalma üzrə arxivi və muzeyi olan Het Nieuwe İnstitutunun ( https://hetnieuweinstituut.nl ) üzvü Nəzakət Əzimli geniş təqdimatla çıxış edib.

N. Əzimli bildirib ki, "Place-making" müəyyən bir ərazidə məskunlaşan insanların bu yerdən səmərəli istifadə olunması, onun inkişaf etdirilməsi yolları və nəticədə uğurlu ictimai məkana çevrilməsi ilə bağlı baxışlara əsaslanan məhəllə, şəhər və rayonda yaşayış şəraitinin təkmilləşməsi üçün həm hərtərəfli ideya, həm də praktiki yanaşmadır. Bu prosesdə mədəniyyətin rolu xüsusi əhəmiyyətə malikdir.

Qeyd edək ki, Xırdalan bələdiyyəsi yerli özünüidarə orqanları arasında ölkəmizdə ilk dəfə olaraq 2021-ci ildə Avropa İttifaqının "EU4Culture" proqramı əsasında qurumun Azərbaycan nümayəndəliyinin və Göte İnstitutunun dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması mövzusunda qrant müsabiqəsinin qalibi olub. Hazırda Xırdalan bələdiyyəsi bu layihənin icrasını uğurla davam etdirir.