Xırdalan bələdiyyəsinin Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin və Göte İnstitutunun dəstəyi ilə həyata keçirdiyi "EU4Culture" - Şərq Tərəfdaşlığı ölkələrində Mədəni İnkişaf Strategiyalarının Hazırlanmasında qeyri-paytaxt şəhər və rayonlara dəstək layihəsi çərçivəsində ölkəmizin ən böyük pivə istehsalçısı olan "Carlsberg Azerbaijan" ilə birgə zavodun istehsalat sexində elektron musiqi konserti keçirilib.
Konsertdə
Abşeron rayonu sakini olan gənc tarzən, bəstəkar və elektron musiqi prodüseri
İbrahim Babayev yenicə işiq üzü görən "VİBrant" adlı albomunu canlı
ifada təqdim edib. Konsert iştirakçıların böyük marağı ilə qarşılanıb.
Bu konsert bir neçə cəhətdən ölkəmiz üçün ilk sayılır: Sənaye müəssisəsində
elektron musiqi konsertinin təşkili;
Elektron musiqinin tarla sintezinin canlı və ictimai təqdimatı;
Biznes qurumunun innovativ mədəniyyət hadisəsinə ev sahibliyi etməsi.
Konsertdə çıxış edən "Carlsberg Azerbaijan"ın baş direktoru Alius
Antulis cəmiyət üçün aktual olan ictimai və mədəni tədbirlərə böyük maraq göstərdiklərini
bildirib. O, "Carlsberg Group"un bir hissəsi olan "Carlsberg
Azerbaijan"ın bu konsertə ev sahibliyi etməsinin təsadüfi olmadığını, müəssisələrinin
fəaliyyət göstərdiyi ərazilərdə elm və incəsənətə daim dəstək göstərdiklərini
bildirib.
Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bu konsertin şəhər ərazisində yerləşən
sənaye müəssisəsinin yerli icma, yerli özünüidarəetmə qurumu və QHT-lərlə birgə
mədəni fəaliyyətə cəlb olunması, şəhərin daha zəngin və rəngarəng mədəni
panormasını yaratmaq məqsədi ilə atılan ilk addım olduğunu deyib.
O. Musayev gələcəkdə şəhərin müxtəlif sənaye məkanlarında, eyni zamanda
Xırdalanda açıq havada olan ictimai məkanlarda elektron musiqi festivalının təşkilinin
nəzərdə tutulduğunu bildirib.
Layihənin eksperti, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov konsert
proqramı haqqında məlumat verib və bu tədbirin Xırdalanda fəaliyyət göstərən
digər sənaye müəssisələrinə Korporativ Sosial Məsuliyyət ("Corporate
Social Responsibility") sahəsində əməkdaşlıqla bağlı çağırış kimi də dəyərləndirilə
biləcəyinu vurğulayıb.